Soyuna…soyuna- gəlmə oyuna

Bizlərə toleranlıq şərabını içizdirə-içizdirə avropalılar axırda gənclərimizi metroda soyundurmağa qərar verdilər. Əla, onsuz da qarnıtox avropalıların əyləncədən başqa görəcəkləri başqa bir işləri də yoxdur. Mənim onlarla elə də bir işim yoxdur-sözüm  öz gənc həmvətənlərimizədir! Axı niyə hər cür eybəcərliyi belə tez mənimsəyib, həyata keçirməyə cəhd edirsiniz? Yəni biz belə tezliklə milli dəyərlərimizdən tez üz döndərməkdə kiminlə yarışa girmişik? Flaşmob keçirirsiniz, keçirin, amma niyə bir dəfə də belə bir mövzuda flaşmob keçirmirsiniz, məsələn filan yerdə filankəsin filan şeyə ehtiyacı var. Ey qardaşlar, ey bacılar gəlin bu filankəsə problemini həll etməkdə yardım edək. Əgər diqqət mərkəzində qalmaq istəyirsinizsə, o zaman insanlara faydalı olacaq bir iş görün, ikrah doğuran bir şeydən fayda gəlməz.

Yazarkən diqqətli olun…

Son zamanlar saytlardakı məqalələrə, yazılara baxdıqca ağlıma bir tək şey gəlir – deyəsən dilimiz ölür…bəli, bəli göz görə-görə ölür. Amma bir neçə illər bundan qabaq gündəlik həyatımızda insanlarmız öz şivəsində, öz ləhcəsində danışar,bir məktub və ya başqa rəsmi hər hansı məlumat yazdıqda ədəbi dildən istifadə edərdi. Ədəbi dil elə bir şeydir ki, onu o ölkənin hər bir vətəndaşı asanlıqla qavramalı, başa düşməlidir. Təəssüflər olsun ki, internet saytlarında, bloqlarda və forumlarda istifadəçilər və müəlliflər saysız – hesabsız xətalara yol verirlər. Unutmamaq lazımdır ki, hər bir sayt həm də bir növ bir qəzetdir, kitabdır, jurnaldır və ya dərslikdir. Orfoqrafik və qrammatik xətalar, xəbərlə felin yerini dəyişməsi, daha nələr… Xahiş edirəm ən azından yazarkən heç olmazsa gündəlik danışıq qaydasından bir az uzaqlaşıb, şairlərimizin, ədiblərimizin hər birimiz tərəfindən asan başa düşülən və qavranıla bilən sözlərindən istifadə edin. Bir az da klassik ədəbiyyatımızın şah əsərlərindən azacıq da olsa mütaliə edin. Əgər dil ölərsə, o millət yaşasa da ölüyə tay olar.

Poedit ilə dil paketi hazırla.

Bu yazımda çox universal bir proqramdan – Poedit proqramından sizlərə bəhs etmək istəyirəm. İnternetdə tərcümə proqramları axtararkən bu proqrama rast gəldim. Endirib qurduqdan sonra onun xüsusiyyətləri ilə bir-bir tanış olmağa başladım.  Etiraf edim ki çox xoşuma gəldi və həmən proqramın müəllifinə öz təşəkkürümü bildirməyi özümə borc bildim.  Gələk əsas məsələyə. İnternetdən hər hansı bir mövzunu saytınıza yükləyib qurmusunuz. Ancaq yazıların tamamı ingilis dilindədir. İstəyirsiniz ki öz dilinizdə olsun. Bəs nə etməli? Burada yardımınıza Poedit yetişəcək.  Onun vasitəsi ilə həm Po, həm də Mo faylı yaradıb mövzunu öz dilinizə tərcümə edə bilərsiniz.  Mən şəkillərlə bunu necə edəcəyinizi ardıcıllıqla izah etməyə çalışacağam. Beləliklə, proqramı işə salıb yeni Po fayl yaradırıq.

Tərcümə Dili

Tərcümə edəcəyimiz dili seçib Fərqli qeyd et bölməsini seçərək faylı qeyd edirik. (Bir çox mövzularda ayrıca bir languages ğovluğu mövcuddur. Faylınızı da elə orada saxlaya bilərsiniz.) Faylımızı yenidən açıb proqramın kataloq xüsusiyyətləri bölməsinə daxil olub gərəkli sahələrə məlumatlarımızı daxil edirik. Daxil edilən məlumatlar nədən ibarətdir? Tərcümə edəcəyimiz layihənin adı və versiyası, tərcümə dili, formatlar, komanda, tərcüməçinin e-poçtu və kodlaşma. Bu məlumatları daxil edib OK düyməsinə basırıq.

Kataloq xüsusiyyətləri

Yenidən kataloq xüsusiyyətləri bölməsini açaraq mənbə yolları alt bölməsinə daxil olaraq faylımızın çıxış yolunu təyin edirik. Bunun üçün Yollar sətrinin qarşısındakı New item qutucuğuna tıklayırıq. Tıkladıqdan sonra mətn sahəsində açılan bir sətir görəcəyik- həmin sətrə iki ədəd nöqtə əlavə edirik(..) . Sonra Ok düyməsinə tıklayıb qeydlərimizi yaddaşda saxlayırıq.

Kataloq xüsusiyyətləri (2)

Üçüncü və sonuncu mərhələdə yenidən kataloq xüsusiyyətləri bölməsinə daxil olaraq Mənbə açar kəlmələri alt bölməsinə daxil olaraq aşağıdakı parametrləri yüxarıdakı şəkildəki kimi daxil edirik:

  • _
  • _e
  • _n:1,2
  • _x

OK düyməsinə tıklayıb dəyişikliklərimizi tamamlayırıq.

Kataloq xüsusiyyətləri (3)

İndi əsas məsələ Poedit proqramının PHP fayllarını oxuması məsələsidir. Bunun üçün proqramın menyu sahəsindəki yenilə ikonuna tıklayıb prosesi izləyirik. Əgər hər şey doğru hazırlanmışdırsa, aşağıdakı şəkildə nəticə əldə edəcəyik:

az.po • itheme2(modifikasiya edilmiş) - Poedit

Əks təqdirdə hər şeyi yenidən başlamaq lazım gələcək. Hər şey düzgün edilmişsə, proqram PHP fayllarından oxuduğu məlumatları yaratdığımız Po faylına daxil edəcək. İndi tərcüməyə başlaya bilərsiniz. Tərcümənizi tamamladıqdan sonra Qeyd et düyməsinə tıkladıqdan sonra proqram avtomatik olaraq Mo faylını da yaradacaq.

az_Latn.po • itheme2(modifikasiya edilmiş) - Poedit

Əvvəldə qeyd etdiyim kimi proqramın PHP fayllarını oxuması üçün Po faylını tərcümə edəcəyiniz plaqinin, mövzunun və ya digər başqa bir proqramın daxilindəki Languages qovluğunda saxlayın. Əks təqdirdə nəticə əldə etmək çətin olacaq. Əgər belə bir qovluq yoxdursa özünüz yaradın. Bu qədər. Əgər sizlər üçün qaranlıq qalan hər hansı bir məsələ varsa buyurub müraciət edə bilərsiniz.

muhsinmushviq tərəfindən Tərcümə içində dərc edildi

BLOGİLO…

Blogilo – bloq yazıları üçün əvəzedilməz proqram.

Bu yaxınlarda internetdə Blogilo adında bir proqrama rast gəldim və onu ƏS-də qurdum. Etiraf edim ki, elə ilk istifadədən proqram çox xoşuma gəldi. Sual oluna bilər ki, proqram nə üçündür – izah edim. Bloqunuza daxil olmadan bloqunuzda yeni yazılar dərc edə bilərsiniz.WYSIWYG və HTML redaktor rejimlərində işləyən bu proqramın qurulması çox sadədir. İstərsəniz Synaptic Package Manager vasitəsi ilə, istərsəniz Sofware Manager vasitəsi ilə ya da terminalda aşağıdakı əmrləri daxi edərək proqramı qura bilərsiniz:
Proqramı mənbə /etc/apt/sources.list   siyahısına daxil etmək üşün sudo gedit / apt/ sources.list əmrini daxil edirik. Ardınca sudo apt-get update əmrini daxil edərək sistem yenilənməsi edirik. Sonunda sudo apt-get install blogilo əmrini daxil edərək proqramın qurulmasını tamamlayırıq. Proqramı işə saldıqdan sonra kiçicik bir konfiqurasiya edirik. Bunun üçün menyuda Blog bölməsinə daxil olaraq Add a new Blog alt bölməsinə daxil oluruq. Basic bölməsində bloqumuzun URL-nı istifadəçi adımızı və parolumuzu daxil edərək AutoConfigure düyməsinə tıklayaraq bloqumuza qoşuluruq. Qoşulma tamamlandıqdan sonra proqramın sağ tərəfində bloqumuzdakı kateqoriyaların və səhifələrin siyahısı açılacaq. İstədiyimiz səhifədə və ya kateqoriyada yazılarınızı asanlıqla yazıb dərc edə bilərsiniz.
P.S.Qeyd edim ki bu yazımı Blogilo vasitəsi ilə yazmışam.
 

az. wordpress.org artıq Azərbaycan türkcəsində!

Deyəsən zəhmətimiz hədər getmir! Artıq az. wordpress.org  doğma dilimizdə veb həvəskarlarının xidmətindədir. Hər bir məlumat, yenilik və versiyalar haqqında öz dilimizdə məlumat əldə etmək  və yeni versiyalar endirmək asanlaşdı.  Bundan başqa yaxın zamanlarda doğma dilimizdə forum açılması planlaşdırılır.  Ən çox istifadə edilən plaqinlər və mövzuların da tərcüməsi başlanmaq üzrədir. Biz yenidən hər kəsə müraciət edirik- tərcümə işi çox zəhmət tələb edən bir prosesdir, buna görə də könüllü tərcüməçilərə ehtiyacımız var. Bizə müraciət edin və bu işdə sizin də adınız və əməyiniz keçsin…2014.01.18-15.16.50